“MÜASİR TƏNQİDİN VƏZİYYƏTİ” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR
Muzeyin gənc alimlərinin təşəbbüsü ilə keçirilən tədbiri bu qurumun direktorunun müavini, filologiya elmləri namizədi, dosent Mübariz Məmmədli açaraq mövzunun əhəmiyyətini diqqətə çatdırmışdır. Bildirmişdir ki, müasir ədəbi prosesin ardıcıl izlənilməsində, yazılan bədii əsərlərin müsbət və mənfi cəhətlərinin açılıb göstərilməsində tənqid müstəsna əhəmiyyətə malikdir. Əgər Sovet dövründə yazıçılarımızın Çingiz Aytmatov, Nodar Dumbadze və başqaları ilə müqayisədə tənqid ədəbiyyatımızda bir nihilizm, öz ədəbi nailiyyətlərimizi danmaq meyli güclü idisə, son 15 ildə özünəvurğunluq meyilləri artıb. Hər iki yanaşma, təbii ki, bizim ədəbi prosesə ancaq xələl gətirən xüsusiyyətdir.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Rahib Xəlilov “Tənqid son illərdə” adlı məruzəsində vurğulamışdır ki, tənqid hər hansı normal cəmiyyətin və mədəniyyətin çox vacib komponentidir. Tənqid ümumən mədəniyyətdə tarazlıq yaradır, insanlar düşünürlər, araşdırırlar. Belə vəziyyətdə tənqidçilərin özləri də tənqid obyektinə çevrilə bilirlər.
Müasir tənqidin vəziyyətinin araşdırılmasının əhəmiyyətini vurğulayan natiq diqqətə çatdırmışdır ki, bununla biz ən azı yaxın dövr üçün milli mədəniyyətimizin, ictimai-humanitar düşüncənin hansı ovqatda, professional səviyyədə, tendensiyada hərəkət etdiyini, bəşəriyyətin yeni epoxasına hansı dəyərlər kompleksi ilə daxil olduğunu və nəhayət, milli müstəqillik düşüncəsinin ədəbi-estetik mədəniyyətdə necə obrazlaşdırıldığını dərk etməyə işıq sala bilərik.
Məruzəçi bildirmişdir ki, 2001-2005-ci illərdə çap edilmiş kitabların az qismi tənqid yaradıcılığının məhsuludur. Bu kitabların əksəriyyətində ədəbi təhlillər vahid bir kontekstdə aparılır. Bu çap məhsullarının çoxunda diqqət əsərlərin bədii-estetik məziyyətlərindən başqa, həm də sosial, fəlsəfi aspektlərinə yönəldilir. Müəlliflər daha çox publisistik, estetik araşdırma və ricətlərə, ədəbi faktdan çıxış edərək özlərinin zaman ruhlu olduqlarına üstünlük verirlər.
Məruzə ətrafında çıxışlarda tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Aydın Əbilov, Nərgiz Cabbarlı və başqaları mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.