“MÜASİR VERGİ SİSTEMİNİN FORMALAŞDIRILMASINDA HEYDƏR ƏLİYEVİN ROLU” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Vergilər Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə “Müasir vergi sisteminin formalaşdırılmasında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Vergilər Nazirliyinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra “Xalqa bağışlanan ömür” filmi nümayiş etdirilmiş, aprelin 25-də “Azərbaycanın vergi sisteminin inkişafında Heydər Əliyevin rolu” mövzusunda Dövlət İqtisad Universitetində tələbə və magistrlər arasında keçirilmiş elmi konfransın qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Konfransda çıxış edən vergilər naziri Fazil Məmmədov müstəqil Azərbaycanın yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü və davamlı inkişafı üçün dahi öndərimiz Heydər Əliyevə borclu olduğumuzu vurğulamışdır. Nazir bildirmişdir ki, ümummilli liderimizin müəyyənləşdirdiyi yol, həyata keçirdiyi siyasət, təyin etdiyi prinsiplər uzun illərdir ki, Azərbaycana, onun tərəqqisinə və inkişafına xidmət edir.
Azərbaycanın ən yeni tarixinin böyük islahatlar dövrü olduğunu xatırladan Fazil Məmmədov dahi öndərin rəhbərliyi və birbaşa nəzarəti ilə reallaşan iqtisadi islahatların ölkəmizi nəinki regionda, hətta dünyada aparıcı dövlətlər səviyyəsinə çatdırdığını qeyd etmişdir.
Nazir Azərbaycanın müasir vergi xidmətinin yaradılmasının da ümummilli liderin adı ilə bağlı olduğunu vurğulamışdır. Bildirmişdir ki, məhz Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması baş tutmuşdur.
Konfransda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov “Heydər Əliyev və Azərbaycanın müasir iqtisadi siyasəti”, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə “Heydər Əliyevin müasir vergi siyasətinin formalaşması”, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev “Milli iqtisadi modeldə vergi amili”, Milli Məclisin deputatı Mübariz Qurbanlı “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov “Heydər Əliyev və dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması”, AMEA İqtisadiyyat İnstitutunun direktoru Şahbaz Muradov “Heydər Əliyevin inkişaf strategiyası və Azərbaycan iqtisadiyyatının dinamik inkişafı”, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov “Heydər Əliyevin iqtisadi siyasətində şəffaflıq amili” mövzularında məruzələrlə çıxış etmişlər.
Konfransın yekununda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
######
