MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Aprelin 29-da Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə 2008-ci ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iclasda əsasən hesabat dövrü ərzində nazirliyin tabeli birlik və müəssisələrinin istehsalat və maliyyə-təsərrüfat fəaliyyətləri müzakirə edilmişdir.
Nazir Yavər Camalov Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə, xüsusi və mülki təyinatlı məmulatların 2008-ci il üzrə istehsal göstəricilərinin 42 faiz artımla nəzərdə tutulduğunu qeyd edərək artıq bu proqnozların yerinə yetirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, nazirlik üzrə cari ilin I rübündə məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz artmışdır. Cari ilin yanvar-mart aylarında istehsal olunmuş məhsulların çeşid sayı 2007-ci ilin eyni dövrü ilə müqayisədə 51 növ çox olmuşdur.
İclasda qısa müddətdə fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyi tərəfindən artıq respublikanın güc strukturları ilə onların müdafiə, xüsusi və mülki təyinatlı məhsullara olan tələbatlarının yerli istehsalın hesabına ödənilməsi məqsədi ilə əlaqələr yaradıldığı və həmin qurumlar tərəfindən daxil olan sifarişlərin vaxtında və yüksək səviyyədə yerinə yetirildiyi bildirilmişdir.
Eyni zamanda, iclasda 2008-ci ildə yenidən qurulması nəzərdə tutulan tabeli müəssisələrdə aparılacaq təmir-bərpa işləri də müzakirə edilərək, bu tədbirlərin yerinə yetirilməsi üçün aidiyyətı üzrə müvafiq tapşırıqlar verilmişdir.
Kollegiya iclasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan nazir Yavər Camalov əminliklə bildirmişdir ki, Müdafiə Sənayesi Nazirliyi ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirəcəkdir.