Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş 2.282 müəllimdən 763-ü elektron ərizəsini təsdiqləyib.
Bu mərhələdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş müəllimlər iştirak ediblər.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsahibəyə ibtidai sinif, fiziki tərbiyə, musiqi müəllimləri, ümumilikdə 460-dək müəllim dəvət olunub. Aprelin 27-də isə digər fənlər üzrə müəllimlər müsahibələrdə iştirak edəcəklər.
Müsahibənin keçirilməsi üçün 20 komissiya fəaliyyət göstərir.
Müsahibələr iki gün davam edəcək. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.