Müddətsiz əmək müqaviləsi ilə işə qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlanıb
Bakı, 7 may, AZƏRTAC
Respublikanın ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilmiş müsahibələrin nəticələri məlumdur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nəticələrə əsasən, həvəsləndirmə tədbirləri tətbiq edilməyən ümumtəhsil məktəblərinə müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunmaq istəyən 121 nəfər və həvəsləndirmə tədbirləri tətbiq edilən ümumtəhsil məktəblərində işləyən 356 nəfər, ümumilikdə 477 nəfərlə növbəti tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilmiş müsahibələrdə hər bir namizəd müsahibə proqramına uyğun olaraq qiymətləndirilib. Müsahibədə iştirak üçün http://www.miq.edu.az/muqavile/ saytında elektron qeydiyyatdan keçmiş ümumilikdə 2.882 müəllimdən 692-si müsahibələrdə iştirak edib.
Qeyd edək ki, mövcud qaydalara əsasən işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal iki təqvim ili müddətində qüvvədədir. Belə ki, sözügedən müsahibələrdə uğur qazana bilməyən, 2017-2018-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplamış namizədlər növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Müsahibələrin nəticələri barədə ətraflı məlumat almaq istəyən namizədlərə şəxsi səhifələrinə baxmaları tövsiyə olunur.