MÜƏMMƏR QƏZZAFİ OPERA QƏHRƏMANI OLMUŞDUR
Opera 1969-2004-cü illəri əhatə edir. Hadisələr 28 yaşlı Qəzzafinin həyata keçirdiyi dövlət çevrilişindən başlayıb Qərbin Liviya ilə barışmasının əlaməti olaraq Britaniyanın baş naziri Toni Bleyerin bu ölkəyə səfəri ilə başa çatır. Operanın librettosuna Liviyanın dünya ölkələri ilə münasibətləri, Trablisin amerikalılar tərəfindən bombalanması, Şotlandiyanın Lokerbi şəhəri səmasında partladılan təyyarə, İrlandiya Respublikası ordusunun maliyyələşdirilməsi kimi məqamlar daxildir.
“Qəzzafi” operası ideyasının müəllifi, qrupun gitaraçalanı Stiv Çandra Savale (Çandrasonik) öz əsərini müasir siyasi əfsanə və Liviya liderinin şəxsiyyətinə xüsusi pərəstiş haqqında antimüzikl adlandırır. Çandrasonik demişdir: “O, xilaskar pop-ulduz Ziggi Stardasta bənzəyir, ancaq əksinə. Qərb özü Qəzzafidən İblis yaratmışdır”.
Operada Müəmmər Qəzzafi rolunu İrlandiya-Asiya mənşəli 40 yaşlı şair oynayacaqdır.
Xatırladaq ki, Asian Dub Foundation Londonda yaşayan etnik benqallardan ibarət olub, benqal xalq mahnılarından tutmuş pank musiqisinədək bir neçə musiqi janrını sintez edən antifaşist və antiirqçi qrupdur.