MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞ
Nazir İkinci Dünya müharibəsinin veteranlarını təbrik edərək bildirmişdir ki, bəşəriyyətin faşizm taunundan xilas edilməsində misilsiz şücaət göstərən Azərbaycan oğul və qızlarının keçdiyi rəşadətli döyüş yolu bugünkü gənclik üçün vətənpərvərlik məktəbidir: Sizin yaşadığınız ömrün hər bir anı sonrakı nəsillərə hünər və cəsarət nümunəsidir. Azərbaycanın müstəqilliyi və Qarabağın azadlığı uğrunda gedən mübarizədə minlərlə vətənpərvər oğul və qızlarımız sizin qəhrəmanlıq məktəbindən bəhrələnmiş, şəhidlik zirvəsinə qədər ucalmışlar. Bildirilmişdir ki, Qələbə bayramı Azərbaycanda yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən qeyd edilməyə başlanmış, veteranlara diqqət və qayğı artırılmışdır.
Rəhbərlik etdiyi nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verən Kəmaləddin Heydərov qeyd etmişdir ki, yeni yaradılan bu qurumun əsas məqsədi Azərbaycan vətəndaşlarının təhlükəsiz şəraitdə yaşamasını, işləməsini və istirahətini təmin etməkdir.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Baloğlan Rüstəmov, Bakı Şəhər Veteranlar Şurasının sədri Əbumüslüm Baxşıyev, veteranlardan Bahadur Hüseynov, Seyfəddin Şıxlı, İsmayıl İbrahimov, Ələkbər İsgəndərov və başqaları çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmiş, keçdikləri döyüş yollarından xatirələr danışmışlar.
Sonda veteranlara gül dəstələri və hədiyyələr təqdim olunmuşdur.