MÜHARİBƏ VETERANLARI UNUDULMUR
Nazir veteranları təbrik edərək bildirmişdir ki, tarixi Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük rolu olmuşdur. Həmvətənlərimiz istər ön cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişlər. Azərbaycanda yaradılan milli diviziyalar şərəfli döyüş yolu keçmiş, bir çoxları Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Səfər Əbiyev veteranlara dövlət qayğısından söhbət açaraq demişdir ki, bu işdə ümummilli lider Heydər Əliyevin misilsiz ximətləri vardır. 9 may Qələbə gününün müstəqil Azərbaycanda dövlət bayramı kimi qeyd olunması məhz onun qəbul etdiyi müdrik qərarın nəticəsidir.
Nazir veteranların şəxsi hünərinin və Azərbaycan milli diviziyalarının şanlı tarixinin bugünkü gəncliyin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını xüsusi vurğulamışdır. O, Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Silahlı Qüvvələrinin inkişafı barədə də məlumat vermiş və əmin olduğunu bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında səylərimiz öz bəhrəsini verəcək, dövlətimizin ərazi bütövlüyü bərpa olunacaqdır.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Baloğlan Rüstəmov görüşdə çıxış edərək, veteranlar adından onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirmişdir.
Görüşün sonunda veteranlara hədiyyələr təqdim olunmuşdur.