Multikultural ənənələrin təbliğində gənclərin rolu müzakirə edilib
Naxçıvan, 13 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında multikulturalizm, tolerantlıq, dözümlülük kimi yüksək dəyərlər tarixin bütün dövrlərində yaşadılıb və bu gün də yaşadılmaqdadır. Naxçıvan tarixboyu Şərq və Qərb arasında müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu region kimi tanınıb, özünün multikultural ənənələrinə görə diqqəti cəlb edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Tumbul Kənd Mərkəzində Naxçıvan Şəhər İcra Hakimiyyətinin Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin böyük məsləhətçisi Sabir Xəlilov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov və digərləri çıxışlar ediblər.
Bildirilib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən multikulturalizm siyasəti bu gün öz bəhrələrini verir. Ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda multikultural dəyərlər yaşadılır və inkişaf etdirilir.
Qeyd olunub ki, bu prosesdə Azərbaycan gəncliyinin rolu danılmazdır. Gənclik qloballaşan dünyamızda multikultural dəyərlərin yaşadılmasında, onların təbliğində və inkişafında əlindən gələni əsirgəmir.
Vurğulanıb ki, qloballaşma prosesi dünyaya inteqrasiyaya, həmçinin müasir dövrün tələblərinə uyğun inkişafa yol açmaqla bərabər, həm də milli və mənəvi dəyərlərin aşınmasına da öz təsirini göstərir. Xüsusilə də gənclik bu təsirlərdən qorunmalı, onlar milli dəyərlərimizə sadiq ruhda tərbiyə olunmalıdırlar.
Tədbirdə gənclərin sualları cavablandırılıb.