REGİONLAR
Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir





Ağcabədi, 8 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Dillər Universitetinın (ADU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə mayın 6-dan 8-dək keçirilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II beynəlxalq elmi konfrans öz işini bölgələrdə davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhərində yerləşən Xocavənd rayonu Xocavənd kənd 1 nömrəli köçkün tam orta məktəbində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb.
Konfransda ADU-nun müəllimləri Ceyhun Alıyev “Multikulturalizm və dini identiklik”, Şəfəq Abdullayeva “Heydər Əliyev - azərbaycançılıq ideologiyası və multikulturalizm”, Sevda Məhərrəmova “Multikulturalizm Azərbaycanda beynəlxalq münasibətlərin elementi kimi”, Xocavənd kənd 1 nömrəli köçkün məktəbinin müəllimləri Gülbuta Tahirova “Heydər Əliyevin gənc nəslə tövsiyələri”, Mehriban Behbudlu “Heydər Əliyev və Azərbaycan məktəbi” mövzularında çıxışlar ediblər.
Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin rəhbərliyi altında Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir.