Mun Ce-in: Cənubi Koreya noyabrdan normal həyata qayıtmağa başlayacaq
Pekin, 25 oktyabr, AZƏRTAC
COVID-19 pandemiyası ilə əlaqədar müxtəlif sahələrdə tətbiq olunan qadağa və məhdudiyyətlər noyabr ayından başlayaraq tədricən aradan qaldırılacaq.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Mun Ce-in parlamentdə növbəti il üçün dövlət büdcəsinin müzakirəsi zamanı deyib. O, COVID-19 infeksiyasına qarşı tam vaksin olunanların sayının ölkə əhalisinin təxminən 70 faizinə çatması fonunda həyatın normallaşması barədə qərarın qəbul edildiyini bildirib.
Prezident Mun Ce-in qeyd edib ki, pandemiya səbəbindən tətbiq olunan qadağa və məhdudiyyətlərdən ən çox zərər görən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti noyabrdan etibarən normal rejimə qayıda biləcəklər, təhsil ocaqlarında isə yerində dərslər tam bərpa olunacaq. Bununla yanaşı, maska taxılması da daxil olmaqla, epidemiya əleyhinə bəzi qaydalar qüvvədə qalacaq.
Qeyd edək ki, 52 milyon əhalisi olan Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi çərçivəsində indiyədək 35,9 milyon nəfərə hər 2 doza peyvənd vurulub. Bununla da, tam peyvənd olunanların sayı ölkə əhalisinin 70 faizini ötüb. Bu hədd hökumətin normal həyata qayıtma prosesi üçün əvvəlcədən hədəflədiyi rəqəmdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin