MƏDƏNİYYƏT
Musiqili Komediya Teatrının kollektivi uşaqların mənalı istirahəti üçün zəngin repertuar hazırlamışdır
Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi hər il olduğu kimi, bu il də balaca tamaşaçılarını unutmamış, uşaqların mənalı istirahəti üçün zəngin repertuar hazırlamışdır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilin son günlərində yaradıcı heyət balaca tamaşaçılarını Arzu Soltanın “Qış bayramı” tamaşası ilə sevindirəcəkdir.
Əsərə gənc rejissor Anar Məmmədov quruluş vermişdir. Tamaşada balacaların maraqla izləyəcəkləri personajları Rəsmiyə Nurməmmədova, Güldanə Əzimova, Elçin İmanov, Fərid Rzayev, Türkel Şabanova, Nigar Qarayeva, Mehriban Zalıyeva, Gülçöhrə Abdullayeva, Röya Xasıyev, Hüseyn Əlili, Elməddin Dadaşov, Ağaxan Şərifov və Elməddin Dadaşov ifa edirlər.
Tamaşadan əvvəl Şaxta baba və Qar qız uşaqları qarşılayacaq, onları əyləndirəcək və hədiyyələr təqdim edəcəklər.
Musiqili Komediya Teatrının yaradıcı heyəti başqa günlərdən fərqli olaraq Yeni il bayramı günlərində - gələn il yanvarın 6-dək daha məhsuldar işləyəcəkdir. Kollektiv gündə 4 seans olmaqla saat 10:30, 12:30, 14:30 və 16:30-da balaca tamaşaçıların qarşısına çıxacaqdır.
Sənət ocağının binası hazırda təmirə bağlı olduğu üçün Yeni il tamaşaları Dənizçilərin Mədəniyyət Evində nümayiş etdiriləcəkdir.