MƏDƏNİYYƏT
Musiqili Teatrda İran tamaşası nümayiş edilib
Bakı, 28 iyun, AZƏRTAC
Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində iyunun 28-də Azərbaycan Dövlət Musiqili Teatrında Titovak Teatrı aktyorlarının iştirakı ilə “İlahi Komediya. Cəhənnəm” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin müəllifi və rejissoru İbrahim Poştkuhidir.
Tamaşadan əvvəl Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadim Əliqismət Lalayev və İranın mədəniyyət və islam irşad nazirinin müavini Seyid Moctəba Hüseyni çıxış ediblər.
Qeyd olunub ki, Titovak Teatrı ilk dəfə Azərbaycanda bu ilin may ayında “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində U.Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanmış “Maqbet-Zar” (İbrahim Poştkuhi, Behranq Abaspur) tamaşası ilə çıxış edib.
1997-ci ildə İranın Hörmüzgan vilayətinin Bəndər Abbas şəhərində fəaliyyətə başlayan Titovak Teatrı dünyanın bir çox ölkələrində sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb, o cümlədən XI və XVII Fəcr Beynəlxalq Teatr Festivalında müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb. Teatrın repertuarında “Qırmızı çıraq”, “Yelkənsiz qayıqlar”, “Biz qayıdanda iki ayaq asılı qalıb”, “Lor kişi”, “Ali fati”, “Unudulmuş evin rənglənməsi”, “Əzmə vaxtı”, “Qanın dövr etməsi kitabı”, “Mərifətdə eşqin həqiqəti”, “Yalnız it bilir ki, niyə hürür”, “Üsyankar bir ruhun satılması” və digər əsərləri yer alır.
Daha sonra “İlahi komediya. Cəhənnəm” tamaşası nümayiş etdirilib.