MÜVAFİQ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR BAŞA ÇATMIŞDIR
Prezident İlham Əliyevin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamından irəli gələn vəzifələri rəhbər tutan Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) hazırda həyata keçirilən layihələrdən biri də “İRBİS” sisteminin tətbiqi ilə “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) kitabxanasının avtomatlaşdırılması və İKT üzrə sahə elektron kitabxanasının yaradılması”dır.
Rusiya Elmi-Kütləvi Kitabxanasının yaratdığı “İRBİS” (Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi) sistemi internet istifadəçilərinin elektron kataloqlara və digər biblioqrafik verilənlər bazasına çıxışının təmini üçün nəzərdə tutulmuşdur. Ölkəmiz üçün mühüm əhəmiyyətə malik olan bu layihənin həyata keçirilməsi İKT üzrə milli informasiya resurslarının hazırlanması və informasiya cəmiyyətinin qurulmasında verilənlər bankının yaradılması, ölkənin əsas texniki kitabxanalarının birləşmiş (ümumi) kataloqunun təşkili əsasında korporativ kitabxana sisteminin yaradılması, kitabxana axtarışının lokallaşması üzrə işlərin sınağı, beynəlxalq kitabxana standartlarının tətbiqi ilə kitabxanaların avtomatlaşdırılması kimi mühüm məsələlərin həllinə xidmət edir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, mayın 5-də bu elm müəssisəsində “İRBİS” sisteminin tətbiqi ilə “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kitabxanasının avtomatlaşdırılması və İKT üzrə sahə elektron kitabxanasının yaradılması” layihəsi çərçivəsində aparılan təlimlərin yekunu olaraq imtahan keçirilmişdir.
İTİ-də artıq iki aydır ki, layihə iştirakçısı olan təşkilatların kitabxanaçıları üçün “İRBİS 64” sisteminin tətbiqi üzrə təlimlər aparılır.
RİTN, İTİ, AMEA Kibernetika İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Tibb Universiteti və Sumqayıt Dövlət Universitetinin iştirak etdikləri layihəyə digər qurumların da qoşulacağı gözlənilir.
“İRBİS” AKİS şəbəkə mühitində tipik kitabxana proseslərinin avtomatlaşdırılması nəticəsində yaradılan “Komplektləşdirmə”, “Sistemləşdirmə”, “Kataloqlaşdırma”, “Oxucu”, “Kitab verilişi” və “Administrator” kimi iş yerlərinin qarşılıqlı əlaqəsi əsasında reallaşdırılır.
İmtahanın nəticələrinə görə kitabxanaçılara sertifikat veriləcəkdir.