Muxtar respublikada 524 milyon 186 min manatdan çox ümumi daxili məhsul istehsal edilib
Naxçıvan, 19 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 524 milyon 186 min manatdan artıq olub. Bu da bir il öncəki müvafiq göstəricidən çoxdur.
Muxtar respublika Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 1156 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 54,1 faiz təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,7 faiz, kənd təsərrüfatı məhsulu 3 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 1,6 faiz, o cümlədən mobil rabitə xidməti 1,9 faiz artıb.
Dövlət sektorunda 11 milyon 97 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 229 milyon 944 min 500 manatlıq sənaye məhsulu istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 95,4 faizi özəl sektorun payına düşüb.
Bu dövrdə sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 5 milyon 15 min manat kredit verilib.
Sənayedə istehsal həcminin artması nəticəsində cari ilin ilk rübündə 41 milyon 230 min 700 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.