Muxtar respublikada аhıl vətəndаşlаrın sоsiаl vəziyyəti əhəmiyyətli dərəcədə yахşılаşıb
Naxçıvan, 5 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında bütün sаhələrdə qаzаnılan yüksək nаiliyyətlər və əldə edilən uğurlar аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа şərait yaradıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan Şəhər Ağsaqqallar Şurasının konfransında səsləndirilib.
Şuranın üzvü Qurban Nabatovun sədrlik etdiyi konfransda əvvəlcə Naxçıvan Şəhər Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Əziz Hacıyevin hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, şura hesabat dövründə fəaliyyətini düzgün istiqamətdə qurmağa çalışıb, Naxçıvan şəhərində aparılan quruculuq işlərinin, əldə olunan inkişafın əsas təbliğatçısı olub, milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görüb.
Konfransda idarə heyətinin 5 nəfərdən ibarət yeni tərkibi seçilib. Naxçıvan Şəhər Ağsaqqallar Şurasının üzvü Zöhrab Axundov Qadir Həsənovun şuranın sədrliyinə namizədliyini irəli sürüb. Təklif səsə qoyulub və qəbul olunub.
Qadir Həsənov göstərilən etimada görə minnətdarlığını bildirərək qeyd edib ki, şura bundan sonra da fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, vətənpərvər gəncliyin yetişdirilməsi, milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin yaşadılması istiqamətində ardıcıl iş aparılacaq.
Sonra Naxçıvan Şəhər Ağsaqqallar Şurasının Nəzarət-təftiş komissiyasının yeni tərkibi müəyyən olunub və 3 nəfər komissiyanın üzvlüyünə qəbul edilib. Nadir Hümbətov Nəzarət-təftiş komissiyasının sədri seçilib. Müzakirə olunan məsələlərlə əlaqədar hazırlanmış qərar layihəsi oxunub və səs çoxluğu ilə qəbul olunub.
Konfransda Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov çıxış edərək Naxçıvan Şəhər Ağsaqqallar Şurasının sədrini, idarə heyətini və nəzarət-təftiş komissiyasına yeni seçilən üzvləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.