Muxtar respublikada əkin sahələrinin su təminatı yaxşılaşdırılır
Naxçıvan, 8 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən aprel ayında nəzərdə tutulan tədbirlər vaxtında yerinə yetirilib.
Muxtar respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, suvarma mövsümünün mütəşəkkil keçirilməsi məqsədilə sututarlarına suvarma suyunun doldurulması davam etdirilib. Hazırda su anbarlarında 191 milyon kubmetrə yaxın su ehtiyatı var. Bu dövrdə su istifadəçilərinə 36,8 milyon kubmetr su verilib, bunun müqabilində 30 min 830 hektar torpaq sahəsi suvarılıb. 3 kilometr suvarma və 9 kilometr təzyiqli boru xətti təmir edilib, 31 kilometr beton və torpaq kanal, 21,5 kilometr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənib. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 1 kilometr istiqamətləndirici bənd salınıb. Həmçinin 46,8 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. 5 kəhrizdə və 56 subartezian quyusunda təmir işləri davam etdirilib, 1 yeni subartezian quyusu qazılıb, 3 subartezian quyusunun bərpası başa çatdırılıb.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 700 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, Böyükdüz kəndi ərazisində 3 kilometr suvarma xətti çəkilib, 142 supaylayıcı hovuz hazırlanıb, 45 supaylayıcı hovuz isə quraşdırılıb. Türkeş kəndi ərazisində isə ana xətt üçün 1 kilometr metal boru qaynaq olunub, paylayıcı xətt üçün 5 kilometr müxtəlif diametrli plastik boru quraşdırılıb.
Yaşıllıq ərazilərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Şahbuz rayonunda 200 metr yeni arx çəkilib, həmçinin Külüs kəndi ərazisində yeni nasos stansiyasının tikintisi və təzyiqli boru xəttinin quraşdırılması işləri davam etdirilib.
Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Babək rayonunun Nehrəm və Araz kəndlərində 5,7 kilometr su və 3 kilometr uzunluğunda kanalizasiya, Sədərək rayonunda 6,7 kilometr su, 710 metr uzunluğunda kanalizasiya, Kəngərli rayonunda isə 2,1 kilometr uzunluğunda su xətti çəkilib.