Muxtar respublikanın 23 yaşayış məntəqəsində əhaliyə səyyar xidmət göstərilib
Naxçıvan, 8 aprel, AZƏRTAC
Cari ilin ilk üç ayında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu tərəfindən 23 yaşayış məntəqəsində 206 vətəndaşın müraciətinə baxılıb, 112 vətəndaşa elektron xidmətlər göstərilib.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi cari ilin birinci rübündə də komitə tərəfindən diqqətdə saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq, 14 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 18 ailə təsərrüfatının həyətyanı təsərrüfat binaları və 12 təsərrüfatın icarəyə götürdüyü torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Naxçıvan şəhərinin Tumbul və Qaraxanbəyli kəndlərində, Şərur rayonunun Kürkəndində, Şahbuz rayonunun Badamlı qəsəbəsində və Babək rayonunun Yuxarı Uzunoba kəndində ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması, əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilib, Kürkənd, Kürçülü, Sərxanlı, Qışlaqabbas, Püsyan və Qorçulu bələdiyyələrinin torpaqların qida maddələri ilə təminolunma kartoqramları aidiyyəti üzrə təqdim edilib.
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması başa çatdırılıb. 65 fərdi yaşayış evinin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Torpaqların elektron uçotunun aparılması məqsədilə Babək rayonunda və Şərur rayonunun Aşağı Daşarx, Aşağı Aralıq, Yuxarı Aralıq, Qarxun kəndlərində planaalma işləri başa çatdırılıb, 5403 daşınmaz əmlak obyekti plana alınıb. Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan Əliabad qəsəbəsində, 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrində mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanıb, Babək rayonunun kəndlərində monitorinqlər aparılıb, torpaqlardan qanunsuz istifadəyə dair 120-yə yaxın fakt aradan qaldırılıb.
Cari ilin ilk üç ayı ərzində 1378 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 1053 texniki sənəd hazırlanıb. Yeni yaradılmış 165 daşınmaz əmlak obyektinə ünvan verilib, Naxçıvan şəhəri üzrə 27 küçədə ünvan lövhələrinin və giriş nömrə nişanlarının quraşdırılması başa çatdırılıb. 195 torpaq sahəsinin plan-ölçüsü isə dövlət kadastr kitablarında qeydiyyata alınıb.