Muxtar respublikanın bütün bölgələrində “Gənclər bağı” salınıb
Naxçıvan, 28 mart, AZƏRTAC
Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı hazırlanan tədbirlər planına əsasən muxtar respublikada həyata keçirilən layihələrdən biri də qədim diyarın hər bir bölgəsində “Gənclər bağı”nın salınmasıdır. Artıq bu tədbir muxtar respublikanın bütün rayonlarında mütəşəkkilliklə həyata keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, bu xeyirxah təşəbbüsə qoşulan 200 nəfərdən çox şərurlu gəncin iştirakı ilə rayonun Aşağı Daşarx kəndinin ərazisində “Gənclər bağı” salınıb. Bağda 225 müxtəlif meyvə tingi basdırılıb.
Babək rayonunun gəncləri də təşəbbüsə qoşulublar. Onlar rayon mərkəzindəki 1 hektar ərazidə bağ salıblar. Keçirilən iməcilikdə 150-yə yaxın gənc iştirak edib. Bağda 700 müxtəlif meyvə ağacı əkilib.
Ordubad rayonunda gənclər Əylis düzü ərazisində iməciliyə çıxaraq təbiətin zənginləşdirilməsinə töhfələrini veriblər. Onlar bir hektar sahəyə yerli sortlardan ibarət 500 ədəd ərik ağacı əkərək “Gənclər bağı” salıblar.
Culfa rayonunda bayram əhval-ruhiyyəsi ilə keçirilən iməcilikdə yüzdən çox gənc Culfa Şəhər Su Anbarının ətrafında yaşıllaşdırma tədbirləri həyata keçirib, ərazidə bağ salıblar. Bağda 400 meyvə ağacı, 200-dən çox qızılgül kolu əkilib.
Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonunun Yurdçu kəndi ərazisindən keçən hissəsində, 1,3 hektar ərazidə də “Gənclər bağı” salınıb. Bunun üçün əvvəlcədən ərazidə meliorativ və aqrotexniki tədbirlər görülüb, torpaq əkinəyararlı hala gətirilib. İməcilik zamanı 950 ədəd yerli meyvə tingi əkilib, suvarma işləri aparılıb. Ekoloji aksiyada 200-ə yaxın gənc iştirak edib.
Mütəşəkkilliklə iməciliyə çıxan şahbuzlu gənclər də rayonun Şahbuzkənd ərazisində salınan bağda 640 ərik və badam tingi əkiblər.
Ölkəmizin sərhəd bölgəsi olan Sədərək rayonunun gəncləri də ötən şənbə keçirilən iməcilikdə “Dəhnə” adlanan ərazidə “Gənclər bağı” salıblar. Bağda 350 ədəd meyvə tingi əkilib.
Qeyd edək ki, muxtar respublika üzrə 1670 gəncin iştirakı ilə 7,3 hektar ərazidə 5210 ədəd meyvə ağacı əkilib. Şənbə iməciliyində muxtar respublikanın kənd yaşayış məntəqələrində təmizlik, səliqə-sahman işləri aparılıb. Gənclər bu işdə də fəallıq göstəriblər.
Həmin gənclərlə söhbət zamanı onlar bu tədbirin xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Şərur rayon sakini Sahil Əlizadə, Ordubad rayonundan Məhəmməd Quliyev, Culfadan Təbriz Hüzeynzadə, Kəngərli rayonundan Süleyman Süleymanov qeyd ediblər ki, ekoloji tarazlığın qorunması, bu məqsədlə təbiətin zənginləşdirilməsi, yaşıllıqlara qulluq göstərilməsi muxtar respublikamızın bütün bölgələrində ardıcıl olaraq davam etdirilir. Əsasən, iməciliklər yolu ilə həyata keçirilən bu tədbirlərdə muxtar respublika gəncləri həvəslə iştirak edirlər. Müsahiblərimiz bildiriblər ki, bundan sonra da yeni meyvə bağlarının və yaşıllıq zolaqlarının salınmasında yaxından iştirak edəcək, onların qorunub saxlanılmasında və artırılmasında fəallıq göstərəcəklər.