REGİONLAR
Muxtar respublikanın təhsil müəssisələrində payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib
![Muxtar respublikanın təhsil müəssisələrində payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib](/files/2017/3/1200x630/15046856632907446374_1200x630.jpg)
Naxçıvan, 6 sentyabr, AZƏRTAC
Növbəti tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 216 ümumtəhsil məktəbi, 44 məktəbdənkənar müəssisə, 1 orta ixtisas məktəbi, 1 peşə liseyi və 3 texniki-peşə məktəbi fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində muxtar respublikanın təhsil müəssisələrində payız-qış mövsümünə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında səsləndirilib.
İclasda təhsil naziri Məmməd Qəribov məruzə ilə çıxış edərək bildirib ki, 2016-2017-ci tədris ilində muxtar respublikada istilik sistemi ilə işləyən təhsil müəssisələrinin sayı 225 olub. Ötən payız-qış mövsümündə müəssisələrin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə verilən tapşırıqlara uyğun olaraq təhsil müəssisələrinə 172 min 492 litr ağ neft paylanılıb. Verilən mal-material və yanacaq birbaşa mərkəzləşdirilmiş qaydada rayonlar üzrə bölünüb, onlardan səmərəli istifadə olunması nəzarətə götürülüb. Mal-materialın təyinatı üzrə düzgün istifadəsi, məktəblərdə təhlükəsizlik qaydalarına əməl olunması üçün reydlər keçirilib və mövsüm ərzində yanacaq çənləri təhlükəsiz yerlərdə saxlanılıb.
Nazir bildirib ki, muxtar respublika rəhbərinin yüksək diqqət və qayğısı ilə hər il olduğu kimi, bu ildə də yeni təhsil müəssisələrinin tikintisi istilik sistemi ilə işləyən təhsil müəssisələrinin sayını artırıb. Belə ki, bu il Naxçıvan şəhərində 6 nömrəli, Şərur rayonunda Qarahəsənli, Ərəbyengicə, Ələkli kənd tam orta məktəblərinin tikintisi başa çatdıqdan sonra Naxçıvan şəhəri üzrə 32, Şərur rayonu üzrə 51 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək. Muxtar respublikada aparılan tikinti-quruculuq işləri Ordubad, Culfa və Babək rayonlarında da geniş vüsət alıb. Hazırda inşa edilən təhsil ocaqlarında işlər başa çatdıqdan sonra Ordubad rayonu üzrə 37, Culfa rayonu üzrə 30, Babək rayonu üzrə 30 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək. Muxtar respublikanın Şahbuz rayonu üzrə 26, Kəngərli rayonu üzrə 17, Sədərək rayonu üzrə isə 9 təhsil müəssisəsi istilik sistemi ilə qızdırılacaq.
“2017-ci ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra muxtar respublikamızda daha 7 təhsil müəssisəsi payız-qış mövsümündə istilik sistemlərinə qoşulacaq. Nəticədə cari tədris ilində rayon və şəhər təhsil şöbələri də daxil olmaqla istilik sistemləri ilə işləyən təhsil müəssisələrinin sayı 232-yə çatacaq”, - deyə Məmməd Qəribov bildirib. Nazir qeyd edib ki, yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin sayının artmasına səbəb olub.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.