“MUZEY MƏKANINDA RUHUMUZUN MİLLİ İRSƏ KÖKLƏNMİŞ HAVALARI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Fransanın Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə hər il bahar fəslinin bir istirahət günündə “Muzeylər gecəsi” adı altında beynəlxalq aksiya keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə “Muzeylər gecəsi” ölkəmizdə də geniş qeyd olunur. Builki aksiya “Muzeylər cəmiyyətin inkişafında və dəyişməsində ortaq kimi” devizi ilə keçirilir və hər bir şəxsin, xüsusilə də gənclərin muzeylərə və milli dəyərlərimizə marağını artırmaq, onları milli irsimizin ötürücülərinə çevirmək məqsədi daşıyır.
Bu məqsədlə “Muzeylər gecəsi” aksiyası çərçivəsində mayın 17-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Muzey məkanında ruhumuzun milli irsə köklənmiş havaları” mövzusunda tədbir keçirilmişdir.
“Halay quraq yallı gedək” qədim Azərbaycan rəqsi ilə başlanan tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xoreoqrafı Sahib Novruzov muzey əməkdaşları ilə birgə yallı rəqsinin müxtəlif növlərini tamaşaçılara təqdim etmişlər. Sonra tamaşaçılar arasında rəqs müsabiqəsi keçirilmiş, qaliblərə muzeyə bir illik pulsuz buraxılış kuponları verilmişdir.
“İrs” folklor ansamblının çıxışları ilə müşayiət olunan tədbirin “Nağıllar aləmində” adlı bölümündə məktəblilər üçün interaktiv tamaşa-oyun təşkil olunmuşdur.
“Bənövşə bəndə düşə”, “Kəndirdartma” kimi xalq oyunlarında iştirak edərək güclərini sınayan uşaqlar və digər iştirakçılar “Öz xalçanı yarat” proqramına əsasən tədbir müddətində kompyuter dizaynı vasitəsilə istəklərinə uyğun yeni xalça kompozisiyası yaradıb, rəngli çapını özləri ilə aparmaq imkanı əldə etmişlər.