Muzeydə 416-cı diviziyanın döyüş yolunu əks etdirən fotoneqativlər qorunur
Bakı, 9 may, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda 416-cı diviziyanın döyüşçülərini, siyasi bölmənin hərbçilərini, onlara aid sənədləri, hərbi bayrağı, həmçinin diviziyanın hərbi həkimi, kapitan Ağasaleh Qəniyevi əks etdirən fotoneqativlər saxlanılır. Bu barədə AZƏRTAC-a Muzeydən məlumat verilib.
Bildirilib ki, 416-cı milli atıcı diviziyanın tərkibinin, xüsusilə də komanda heyətinin 92 faizi azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordunun, az sonra 58-ci ordunun tərkibində Mozdok istiqamətində döyüşlərə başlayıb. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə ona “Taqanroq diviziyası” adı verilib. 1943-cü ilin iyulundan sonra diviziyaya general-mayor Heybət Heybətov komandanlıq edib. Azərbaycan hökumətinin ardıcıl köməyi nəticəsində diviziya müharibənin sonuna qədər milli tərkibini saxlaya bilib. Diviziya İkinci Dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparıb, Bakıdan Praqaya qədər 5000 km yol qət edib. Düşmənin 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını məhv edib. Diviziyanın qələbələri şərəfinə Taqanroq şəhəri yaxınlığındakı Sanbek yüksəkliyində xatirə ansamblı yaradılıb. Ayrı-ayrı şəhərlərdə diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilib.