Muzeydə Azərbaycanın görkəmli maarifçiləri Vəlibəyovlara aid fotoşəkillər qorunur
Bakı, 6 may, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda görkəmli maarifçilər - Səfərəli bəy Vəlibəyov və qızları Sürəyya və Nigar Vəlibəyovalara aid fotoşəkillər mühafizə olunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Səfərəli bəy Vəlibəyov (1856-1902) ömrünün 18 ilini pedaqoji işə həsr edib. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov və bir çox başqaları ibtidai təhsillərini S.Vəlibəyovdan alıb, tələbkar və qayğıkeş müəllimlərini həmişə böyük məhəbbət hissi ilə yad ediblər.
S.Vəlibəyov Bəhmən Mirzə Qacar Qovanlının qızı Xurşud xanım ilə ailə qurub. Övladları Sürəyya və Nigar 1902-ci ildə ataları vəfat etdiyi üçün yaxın qohumu Süleyman Sani Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanılıblar. Müqəddəs Anna adına Bakı Qadın Gimnaziyasını qızıl medalla bitirib, üçüncü rus-tatar qızlar məktəbinə müəllim təyin olunublar. Sürəyya Vəlibəyova 1919-cu ilə qədər bu məktəbdə dərs deyib. 1931-1933-cü illərdə Bakı Kino İdarəsində işlər müdiri işləyib. 1938-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifəsində çalışıb. Müasir Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olan bədii əsərlərin əksəriyyətinin, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə tərcümə edib.
Nigar xanım da maarifçi və müəllim olub. Onların muzeydə qorunan fotoşəkilləri maarif tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.