“Muzeydə musiqi gecələri” silsiləsinin növbəti konserti bəstəkar Tahir İbişova həsr olunacaq
Bakı, 13 dekabr, AZƏRTAC
“Muzeydə musiqi gecələri” şəhərimizin arzuolunan çoxqatlı mədəni mühitinə öz xəfif rəngini qataraq intellektual musiqisevərləri bir araya toplayır. Peşəkar səs ustalarının cilalanmış əllərindən çıxan müəllif musiqisini canlı eşitmək, müasir dövrümüzün aparıcı bəstəkarlarını dinləmək, onlarla ünsiyyətdə olmaq, onların yaradıcı aləminə yaxın düşmək, yüksək mədəni zövq və dəyərlərdəndir.
Musiqi və səs dalğalarının reallığımıza müdaxilə etməsini, ruh halımızın fiziki olaraq dəyişməsini və bu hissləri birgə yaşamağın məsuliyyətini dərk edərək Bakı Müasir Musiqi Cəmiyyətinin əsas öhdəliklərindən biri beynəlxalq təcrübə keçmiş, peşəkar musiqiçi, ifaçıları kosertlərə cəlb etməklə keyfiyyətli səslənmə və səlis ifa nümayiş etdirməkdir.
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də Muzey Mərkəzinin “Muzeydə musiqi gecələri” silsiləsinin növbəti konserti bəstəkar Tahir İbişova həsr olunacaq. Onun əsərlərini Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilati dəstəyi ilə “Cadenza” orkestrinin üzvləri və digər dəvətli musiqiçilər ifa edəcəklər.
Görkəmli bəstəkarlarımız Xəyyam Mirzəzadənin, Nazim Mirişlinin sinflərində dərs almış T.İbişov Azərbaycan və dünya musiqi ənənələrinə dərindən yiyələnərək, yaradıcılığında fərqli dövrlərə aid üslub və yazı metodlarına müraciət edir. Avstriyada təhsil aldığı dövrlərdə Yeni Vyana Məktəbinin davamçıları Beat Furrer, Georg Friedrich Haas, Alexander Stankovski və s. kimi dünyaşöhrətli bəstəkarlarla canlı ünsiyyətdə olub və onlardan dərs alıb. Onun musiqi dilinin və baxışlarının əsasında spektral harmoniya prinsipləri, musik konkret instrumental (musique concrète instrumentale) fəlsəfəsiylə yanaşı, qəzəl janrının ritmika, sufi poeziyasının asketizimi, dərviş musiqisinin cilalanmamış, təraşsız, arxaik səs çalarları və tərəkəmə xalq rəqslərinin isti temperamenti durur.
Öz poetik ifası ilə səhnəni və dinləyiciləri tilsimləyən Humay Qasımzadə pianoda, əvəzolunmaz səs rənglərinə və ecazkar ifa tərzinə malik İslama Abdullayeva (soprano) konsertin solistləridirlər. Bu konsertlə muzeydəki davamlı musiqi gecələrinin silsilə tədbirlərinə “portret-konsert” adlı yeni format əlavə olunur. Konsertin moderatoru və bəstəkarla həmsöhbət musiqişünas Şəfaqət Məmmədova olacaq.