Muzeylərdə ekspozisiya işinin təşkili istiqamətləri müzakirə edilib
Bakı, 1 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tarix və tarix-diyarşünaslıq muzeylərində ekspozisiya işinin təşkili istiqamətləri” mövzusunda “dəyirmi masa” keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd regionlarda fəaliyyət göstərən tarix və tarix-diyarşünaslıq muzeyləri vasitəsilə milli, tarixi, maddi, mənəvi dəyərləri layiqincə təbliğ etməyin metodlarını, habelə ekspozisiyaların elmi konsepsiyasının, mövzu-ekspozisiya planlarının hazırlanmasında, ekspozisiyaların elmi-bədii tərtibatında rast gəlinən nöqsanların və muzey işinin tələblərinə uyğun olmayan problemlərin aradan qaldırılması yollarını müzakirə etməkdir.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev bildirib ki, mövcud problemlərin aradan qaldırılması üçün işçilərin təklifləri əsasında vahid təkmil mexanizmi, hətta sahə üzrə peşə birliyi yaradıla bilər.
Tədbirdə “Muzey ekspozisiyasının layihələndirmə məsələləri”, “Azərbaycan İstiqlal Muzeyində Xalq Cümhuriyyəti bölməsinin quruluşu”, “Qazax Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında müasir elektron avadanlıqdan istifadə” və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.
Sonda tədbir iştirakçıları üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilib.