ELM VƏ TƏHSİL
M.V.LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN BAKI FİLİALINA TƏLƏBƏ QƏBULU ELAN EDİLMİŞDİR
Bakı, 10 iyun (AZƏRTAC). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialı 2009/2010-cu tədris ili üçün müvafiq ixtisaslar üzrə (bakalavr pilləsi, rus bölməsi) tələbə qəbulu elan etmişdir.
MDU-nun yaratdığı qəbul komissiyası tərəfindən aparılan sınaqlarda yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanlarında 400 və daha çox bal toplayan abituriyentlər iştirak edə bilərlər. Qəbul sınaqları müvafiq fənlər üzrə aparılacaqdır.
Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əla” qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 400 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər. Qəbul sınaqlarında iştirak etmək istəyənlər qəbul komissiyasına 2009/2010-cu tədris ili üçün ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışını, orta təhsil haqqında sənədi (əsli), şəxsiyyət vəsiqəsini, 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil təqdim etməlidirlər. Yerləşdirmə M.V.Lomonosov adına MDU-nun qəbul komissiyası tərəfindən keçirilən qəbul sınaqlarının nəticələri əsasında aparılacaqdır.
MDU-nun Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə aparılan müsabiqədə iştirak edə bilərlər. Filialın tədris fəaliyyəti MDU-nun tədris plan və proqramları əsasında həyata keçirilir, tədrisdə müasir texnologiya və metodlardan istifadə olunur. Tədris, əsasən, MDU-nun professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda iki semestr ərzində təhsil almaq imkanı qazanacaqlar. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu veriləcəkdir.
Sənədlər iyulun 8-dən 23-dək saat 9.00-dan 18.00-dək Bakı şəhəri, Firudin Ağayev, 14 (metronun “Elmlər Akademiyası” stansiyasının yanı) ünvanında qəbul ediləcəkdir. Əlavə məlumatları 4180028 və 510 96 08 əlaqə telefonları vasitəsilə almaq olar.