Namiq Əliyev: Avropa çempionatında sabit heyətlə təmsil olunacağıq
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Olimpiya Güləş Mərkəzində Avropa çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi olub.
AZƏRTAC xəbər verir ki, hazırlıq prosesini izləyən Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbəri Namiq Əliyev məşqdən sonra qitə birinciliyində iştirak edəcək idmançıların adlarını açıqlayıb.
AGF rəhbəri daha sonra brifinqdə jurnalistlərin suallarını cavablandıraraq deyib: “Avropa çempionatında sabit heyətlə təmsil olunacağıq. Ümidvarıq ki, çox uğurlu çıxış edəcəyik. Azərbaycan yığması hər zaman dünya güləşində öz sözünü deyib. Həmişə olduğu kimi, bu yarışdan da çox yüksək nəticələr gözləyirik. Ancaq Avropa çempionatına həm də sınaq kimi baxırıq. Çünki bu il əsas yarışımız Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatıdır. Bir neçə idmançımızı qorumaq qərarına gəldik və bu səbəbdən onların Avropa çempionatında iştirakına lüzum görmədik. Çünki bizim üçün əsas dünya çempionatıdır. Mundial həm də Olimpiadaya lisenziya verən ilk yarış olacaq. Yeri gəlmişkən, gələn il Avropa Olimpiya təsnifat turnirini Bakıda keçirmək üçün danışıqlar aparırıq. Müəyyən nəticələr əldə etmişik. Ümidvaram ki, bu yarışın təşkilatçılığı bizə həvalə olunacaq. Buna baxmayaraq, bizim üçün dünya çempionatı prioritet təşkil edir.
Olimpiya çempionumuz Toğrul Əsgərov artıq məşqlərə başlayıb. Doğma şəhəri Gəncədə şəxsi məşqçisi Elçin Zeynalovun rəhbərliyi altında hazırlığa start verib. Çox güman, biz onu dünya çempionatında görəcəyik”, - deyə N.Əliyev əlavə edib.
Xatırladaq ki, güləş üzrə seçmə komandalarımız aprelin 8-dən 14-dək Buxarestdə keçiriləcək Avropa çempionatında çıxış edəcək. Artıq yığmalarımızın qitə birinciliyində iştirak edəcək heyətləri açıqlanıb. Aprelin 8-10-da sərbəst güləşçilər mübarizə aparacaqlar. Baş məşqçi Saypulla Absaidovun və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Azərşakib Seyidməhəmmədrza (125 kq) qüvvələrini sınayacaqlar.
Aprelin 10-12-də xalça üzərinə qadın güləşçilər çıxacaqlar. Qadınların yarışında baş məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun tapşırıqlarını Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (75 kq) yerinə yetirməli olacaqlar.
Aprelin 12-14-də isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaqlar.
Çempionatda yarışların idarə olunmasında ölkəmizi rekord sayda - Olimpiya kateqoriyalı dörd hakim təmsil edəcək. Buxarestdə Hicran Şərifov, Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaqlar.