Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şəxslər yaxalanıblar
Bakı, 2 fevral, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Rüstəm Abdullayev tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onun qəsəbə ərazisindəki bağ evindən televizor, altı xalça və digər məişət əşyaları oğurladığı məlum olub. Hadisə zamanı R.Abdullayev ev sahibinə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurub. Saxlanılan şəxsin polis bölməsində üzərinə baxış zamanı 7 qrama yaxın qurudulmuş marixuana da aşkar edilib.
R.Abdullayev oğurladığı məişət əşyalarının bir qismini yaşadığı evə gətirib. Həmin əşyalar onun mənzilindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bölmə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı isə Nardaran qəsəbəsində daha bir bağ sahəsindən tikintidə istifadə olunan 111 ədəd dəmir dirək oğurlayan dəstə üzvləri saxlanılıblar. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sitarə Bədəlova, oğlu Tehrab Bədəlov, qohumu Sahibə Mustafayevə, həmçinin Vüqar Abdullayev və Aqşin Əliyev də əməliyyat zamanı tutulublar. Dəstə üzvlərinin oğurladıqları dəmir dirəklər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Hər iki faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Həmin şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.