REGİONLAR
Naxçıvan Biznes Mərkəzində seminar keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, institutun əməkdaşları Arzu Süleymanov və Malik Mehdiyev Naxçıvan Biznes Mərkəzində "Sahələrarası balans və ekonometrik modellər əsasında makroiqtisadi təsirlərin və investisiya layihələrinin səmərəliliyinin qiymətləndirməsi" mövzusunda seminar keçiblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda "Sahələrarası əlaqələrin təhlili və qiymətləndirilməsi: xərc buraxılış modelləri", "Makroiqtisadi göstəricilər və məlumat bazaları: nominal göstəricilər", "İndekslər və real göstəricilər", "İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi: biznes planların tərtibi, investisiyanın səmərəlilik göstəriciləri və risklərin müəyyən edilməsi" mövzularında təqdimatlar və praktiki məşğələlər keçirilib. Müzakirələrdə analitik təhlil imkanlarının artırılması üçün müasir informasiya resursları və proqram təminatlarının tətbiqinin genişləndirilməsinə imkan verən bu cür seminarların mütəmadi keçirilməsinin zəruriliyi vurğulanıb.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun regionların davamlı inkişafı şöbəsinin böyük elmi işçisi Gövhər Vəliyeva bakalavr və magistrlər, peşəkar müəllim heyəti üçün Naxçıvan Dövlət Universitetində "Dayanıqlı İnkişaf Məqsədləri və qlobal iqlim dəyişikliyinin təsirləri" mövzusunda təqdimatla çıxış edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.