Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində növbəti açıq ürək əməliyyatları aparılmışdır
Naxçıvan, 15 may (AZƏRTAC, Tural Kəngərli). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahları Kamal Ağarzayev, tibb üzrə fəlsəfə doktorları Seymur Musayev və Fərid Hüseynov Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlərlə birgə 12 açıq, 1 periferik ürək əməliyyatı aparmışlar. Bu əməliyyatların 3-ü Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin ürək-damar cərrahı İntiqam Fətullayev tərəfindən keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ürəyin işemik gərginlik stenokardiyası diaqnozu qoyulmuş xəstə Maral Rzayeva angioqrafiya olunarkən ürək damarlarında ciddi daralmalar müşahidə edilmiş, üzərində aorta koronar şuntlama əməliyyatı aparılmışdır.
Digər xəstələr də miokard infarktından sonrakı vəziyyətlə bağlı angioqrafiya olunmuş, ürək damarlarında tıxaclar müşahidə edilmiş, ürəyin qulaqcıqlararası arakəsmə qüsuru aradan qaldırılmışdır.
Açıq ürək əməliyyatlarında yardımçı işlər Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi kardioreanimasiya bölməsinin tibb bacıları tərəfindən həyata keçirilmişdir.
Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı kardiocərrahları naxçıvanlı həkim İntiqam Fətullayevin apardığı əməliyyatların peşəkar şəkildə həyata keçirildiyindən məmnunluqlarını ifadə etmişlər. Bildirilmişdir ki, muxtar respublikanın səhiyyə müəssisələri lazımi tibbi avadanlıqlarla tam təchiz olunmuşdur. Buradakı şərait və kadr potensialının formalaşması tezliklə bir sıra mürəkkəb əməliyyatların, o cümlədən açıq ürək əməliyyatlarının yerli kardiocərrahlar tərəfindən mütəmadi şəkildə aparılacağına əminlik yaradır.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində aparılan açıq ürək əməliyyatları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə aztəminatlı ailələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələri çərçivəsində həyata keçirilmişdir. Bakı şəhərində fəaliyyət göstərən kardiocərrahiyyə, uroloji, plastik, göz, angioqrafiya və digər ixtisaslar üzrə həkim briqadaları gələcəkdə də Naxçıvana dəvət ediləcəkdir.