Naxçıvan Dövlət Musiqili Dram Teatrında növbəti onlayn konsert və tamaşa nümayiş olunub
Naxçıvan, 2 may, AZƏRTAC
Naxçıvan Dövlət Musiqili Dram Teatrında növbəti onlayn solo konsert və tamaşa nümayiş olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, solo konsertdə Naxçıvan Dövlət Filarmoniyasının solisti İlkin Abdullayev bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edib. İstedadlı müğənniyə fortepianoda Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova müşayiət edib.
Bir saata yaxın davam edən konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Azəf Zeynallının, Tofiq Quliyevin, Polad Bülbüloğlunun və digər tanınmış Azərbaycan bəstəkarlarının mahnıları səsləndirilib.
Konsertdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrı görkəmli dramaturq Cəfər Cabbarlının “Aydın” dramı əsasında hazırladığı tamaşadan bir hissəni onlayn olaraq teatrsevərlərə təqdim edib. Gənc rejissor Həcərxanım Məmmədovanın hazırladığı tamaşada Aydın rolunda Səyyad Məmmədov, Gültəkin rolunda isə Səkinə Məmmədova çıxış ediblər.
Konsert və tamaşa Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.