Naxçıvan Dövlət Universitetində Gənclər Günü qeyd olunub
Naxçıvan, 1 fevral, AZƏRTAC
“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ulu öndərimiz Heydər Əliyevin bu fikirləri universitetdə 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Gənclərlə iş sahəsində gənclər təşkilatlarının rolu” adlı tədbirdə bir daha səsləndirilib.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev tələbə-gənclərə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğının parlaq ifadəsidir. Elbrus İsayev 2020-2021-ci tədris ilində Naxçıvan Dövlət Universitetinə 32 gənc müəllimin işə qəbul edilməsini də bu sahədə görülən işlərin məntiqi davamı və gənclərə göstərilən yüksək etimadın bəhrəsi kimi qiymətləndirib. Rektor gəncləri bayram günü münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir. Prorektor tələbə-gəncləri təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
“Gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas istiqaməti kimi” adlı çıxışında ali təhsil ocağının Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov vurğulayıb ki, bu gün ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli yer tutmalarının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Gənclər də onlara göstərilən hər bir qayğını dərindən dərk etməli və cəmiyyətin ən layiqli üzvləri kimi formalaşmağa çalışmalı, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməlidirlər.
Tədbirdə Tələbə-Gənclər Təşkilatının nəzdində olan İntellektual Oyunlar klubunun sədri Fərid Hacıyev, Debat klubunun sədri Atilla Əsgərli, Kitab klubunun sədri Elmar İsgəndərov təqdimatla çıxış ediblər.