Naxçıvan məktəbliləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 16 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasının Naxçıvandan olan iştirakçıları martın 16-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, sonra tur-aksiya iştirakçıları Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
Sədərək rayon Qaraağac kənd tam orta məktəbinin şagirdi Özcan Ağazadə müxbirimizə müsahibəsində deyib ki, o, kiçik yaşlarından Ümummilli Liderin və şəhidlərin məzarlarını ziyarət etmək arzusunda olub və bu gün artıq bu arzusuna çatıb. Bakı şəhərini çox sevdiyini, burada gördüklərinin onu valeh etdiyini deyən naxçıvanlı şagird bu tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini deyib.
Naxçıvan şəhər tam orta məktəbinin şagirdi Murad Quluzadə “Ölkəmizi tanıyaq” tur-aksiyasının çox faydalı olduğunu, şagirdlərin dünyagörüşünün zənginləşməsinə kömək etdiyini vurğulayıb. O deyib ki, dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan bu layihə sayəsində onun kimi yüzlərlə şagird ölkəmizi daha da yaxından tanıyacaq.
Culfa rayonunun Saltaq kənd tam orta məktəbinin şagirdi Şahmar Hüseynov deyib: “Bakı şəhərinin tarixi və mədəniyyət abidələri bizim üçün çox maraqlıdır. Biz bu abidələrlə, şəhərin görməli yerləri ilə, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduq. Əldə etdiyim məlumatları rayonumuza qayıtdıqdan sonra dostlarımla bölüşəcəyəm. Bu tur-aksiya Vətənimizi daha yaxından tanımaq üçün gözəl imkandır. Artıq Bakıda yeni dostlar qazanmışam. Şəhərdən zəngin təəssüratlarla qayıdacağam”.