CƏMİYYƏT
Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində həkim-məsləhət komissiyalarının fəaliyyəti da gücləndirilməlidir
Naxçıvan 2 avqust (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə kollegiya iclası keçirilib.
Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kollegiya iclasında tibb müəssisələrində həkim-məsləhət komissiyalarının fəaliyyətinin və tibbi sosial ekspert komissiyalarına göndərişlərin vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar məsələ müzakirə edilib, pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılması ölkədə həyata keçirilən uğurlu sosial siyasətin bəhrəsi kimi dəyərləndirilib.
Ötən yarım ildə rayonlar üzrə tibbi sosial ekspert komissiyalarına göndərilən müraciətlər, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, imtina olunan xəstələr haqqında məlumat verən muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev qarşıya qoyulan bütün vəzifələrin yerinə yetirildiyini bildirib.
Tibb müəssisələrində həkim-məsləhət komissiyalarının fəaliyyətlərini təhlil edən Naxçıvan MR Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tibbi sosial ekspert komissiyasına göndərişlərin nəticələrindən danışıb.
Naxçıvan MR-in səhiyyə naziri Niyazi Novruzov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov iki nazirliyin birgə əməkdaşlığının muxtar respublikada əlilliyin təyin olunması vəziyyətinin daha da yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Kollegiya iclasında müzakirə olunan məsələ ilə bağlı qərar qəbul olunub.