Naxçıvan şəhərində tikinti-quruculuq işləri geniş vüsət alıb
Naxçıvan, 24 aprel, AZƏRTAC
Muxtar respublikada quruculuq işlərinin miqyası ildən-ilə daha çox şaxələnir, ayrı-ayrılıqda hər bir sahəni əhatə edir. Naxçıvanda təhsil müəssisələri üçün yeni binaların inşası, yararsız hala düşən köhnə tikililərin əsaslı şəkildə yenidən qurulması və təmir-bərpası artıq ənənə halını alıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu tədbirlərin davamı olaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin köhnə korpusunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları artıq binada söküntü işlərini başa çatdırmaq üzrədir. Obyektin iş icraçısı Nizami Rzayevin bildirdiyinə görə, hazırda binanın təməl hissəsi möhkəmləndirilir, divarlarda bərkitmə işləri gedir, örtük hissənin üzərinə torpaq qatı verilir.
Ötən ayın əvvəllərindən etibarən Naxçıvan Tibb Kollecinin binasında da təmir-bərpa işləri gedir. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları binanın təməlini bərkidir, dam örtüyünü dəyişdirir, köhnə novdanları yeniləri ilə əvəzləyirlər. Təmir-bərpa işləri çərçivəsində gələcəkdə binanın daxili kommunikasiya xətlərinin yenilənməsi, iç divarlarda dekorasiya işlərinin görülməsi nəzərdə tutulub. Obyektdə çalışan inşaatçılar lazım olan mal-materiallar ilə təmin olunublar, texnik-təhlükəsizlik qaydalarına ciddi əməl edilir.
Bu gün muxtar respublikada dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, din adamlarının ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib. Hazırda Naxçıvan şəhərində yeni məscid binası inşa olunur. Obyektin inşası “Gəmiqaya İnşaat” MMC-nin kollektivinə həvalə edilib. İş icraçısı Cəmil Qalayevdən aldığımız məlumata görə, əsas və köməkçi hissələrdən ibarət olan binanın hazırda günbəzlərində qəlib-beton işləri yekunlaşmaq üzrədir. Layihəyə əsasən məscid binasında ibadət zalı, 40 metrlik iki minarə, qızlar və oğlanlar üçün iki mədrəsə və kitabxana yerləşəcək.
Ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati və mərasim binaları da inşa olunur.