REGİONLAR
Naxçıvanda 1359 layihənin maliyyələşdirilməsinə 149 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib
Naxçıvan, 23 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi 2019-cu il dekabrın 1-dək 1359 layihənin maliyyələşdirilməsinə 149 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərib. Bu rəqəm ötən il 88 layihə üzrə 6 milyon 991 min manatdan çox olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dövlət dəstəyi əhalinin məşğulluq səviyyəsinin artırılmasına da öz təsirini göstərib. Belə ki, fondun vəsaiti hesabına 2019-cu ilin 11 ayı ərzində yaradılmış 51 istehsal və xidmət sahəsi üzrə 177 yeni iş yeri açılıb, yaradılması davam etdirilən 49 istehsal və xidmət sahəsi üzrə isə 601 yeni iş yerinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və iqtisadi səmərəliliyi araşdırılıb, sahibkarlıq subyektləri ilə kreditlərin vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılıb.