Naxçıvanda “Gələcəyini planlaşdır” təlimlərinə start verilib
Naxçıvan, 2 may, AZƏRTAC
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram maliyyələşdirilir və icra olunur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həmin proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimlərinə start verilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbiri açan Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada yaradılan şəraitin qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də onların öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açdığını vurğulayıb. Naxçıvan qadınları yaradılmış imkanlardan istifadə edərək bütün sahələrdə fəaliyyət göstərir, xüsusən də özəl sektorda geniş təmsil olunurlar. Bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.
Ramilə Seyidova deyib: Ölkəmizdə qəbul edilmiş dövlət proqramlarının icrası, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, insanların, o cümlədən qadınların işə olan münasibətini dəyişib, onların sahibkarlıqla, xüsusən də ailə-kəndli fermer təsərrüfatlarının yaradılması ilə bağlı maraqlarını daha da gücləndirib. Muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına yaradılan şərait digər sahələrdə olduğu kimi, özəl sektorda da onların yüksək nailiyyətlər əldə etməsinə öz təsirini göstərir. Hazırda muxtar respublikada 5478-i fiziki, 49-u isə hüquqi şəxs olmaqla, ümumilikdə, 5527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkar qadınlar, əsasən, istehsal, ictimai iaşə sahələri, sənaye materiallarının satışı və digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər. Sahibkar qadınlar muxtar respublikada həyata keçirilən geniş quruculuq tədbirlərində yaxından iştirak edir və sosial-iqtisadi inkişafa öz töhfələrini verirlər.
Komitə sədri onu da qeyd edib ki, “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimi qadınların, xüsusilə də sağlamlıq imkanları məhdud qadınların sahibkarlıq fəaliyyətinə təşviqi məqsədi ¬daşıyır.
Bildirilib ki, təlimlər zamanı fiziki qüsurlu və az¬təminatlı ailələrdən olan qadınlar da daxil olmaqla, muxtar respublikanın bütün rayonlarından və Naxçıvan şəhərindən 250 qadının iştirakı ilə 7 təlim keçiriləcək. Hər təlim iki gün davam edəcək və tədbir iştirakçılarına təlimlərin sonunda sertifikatlar təqdim olunacaq.
Ramilə Seyidova çıxışının sonunda təlim iştirakçılarına uğurlar arzulayıb.
Təlimdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə və maliyyə savadlılığı təlimi ilə bağlı qadınlara məlumat verib. O qeyd edib ki, bu təlim modulu qadınlar üçün büdcə planlaşdırması, borc idarəetmə üsulları, qənaət vərdişləri və digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılmasına və maliyyə müstəqilliyinin təmin edilməsinə dəstək göstərəcək.
Diqqətə çatdırılıb ki, keçiriləcək təlimlər qadınların maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına imkan verəcək. Onlar arasından ən yaxşı biznes ideyasına malik 50 qadın “Öz biznesinə başla və onu təkmilləşdir” təlimlərinə dəvət olunacaq və həmçinin təlimlər dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq 4-cü (keyfiyyətli təhsil), 5-ci (gender bərabərliyi) və 8-ci (layiqli əmək və iqtisadi artım) qlobal məqsədlərin icrasına töhfə verəcək.