Naxçıvanda icra hakimiyyətlərinin maliyyə və mühasibatlıq üzrə mütəxəssisləri təlimə cəlb ediliblər
Naxçıvan, 3 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının təfərrüatlı öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlimlərə start verilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sayca 7-ci olan bu təlimə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan ərazi dairəsi üzrə nümayəndəliklərdən və rayon icra hakimiyyətləri aparatından mühasiblər olmaqla, ümumilikdə, 15 nəfər maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssis cəlb edilib.
Təlimdə mərkəzin direktoru Sevinc Cabbarova təsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə məlumat verib.
Nazirlik Aparatının Gəlirlərin proqnozu şöbəsinin əməkdaşı Aqil Nəsirovun büdcə gəlirlərinin təsnifatı üzrə vergi və rüsumlar, eləcə də büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmalarının təsnifləşdirilməsi barədə çıxışı dinlənilib, iştirakçılar gəlir maddələrinə müvafiq əlavələr edilməsi barədə ətraflı məlumatlandırılıb.
Büdcə xərclərinin funksional təsnifatında edilən dəyişikliklər barədə aparatın Büdcə şöbəsinin əməkdaşı Orxan Abbasov çıxış edib.
Sonda dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.