Naxçıvanda işğaldan azad edilən ərazilər minalardan təmizlənir
Sədərək, 14 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun 2018-ci ildə apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində nəzarətimizə keçən ərazilər minalardan təmizlənərək istifadəyə hazır vəziyyətə gətirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Günnüt qələbəsi ilə 11 min hektardan artıq ərazini nəzarətə götürən ordumuz Sədərək istiqamətində də müdafiəni uğurla təşkil edir. Ərazilərin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin də rahat yaşayışına və lazımi təsərrüfat işlərinin görülməsinə stimul verir.
Sədərək rayonunun 90-cı illərdə Ermənistanın işğalına məruz qalan Şərab zavodu və onun ətrafındakı 73 hektar ərazisində də qarğıdalı əkinləri başlayıb. Əraziyə yeni yol, elektrik və suvarma xətləri də çəkilib.