Naxçıvanda müəllimlər şagirdlərə gündəlik dərsləri onlayn qaydada izah edirlər
Naxçıvan, 30 aprel, AZƏRTAC
Muxtar respublikada məktəblərin müvəqqəti bağlanmasına baxmayaraq bütün ümumtəhsil məktəblərində müəllimlər müxtəlif proqramlar vasitəsilə şagirdlərə gündəlik dərsləri onlayn qaydada izah edirlər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytında şagirdlərin ev şəraitində öz biliklərini daha da təkmilləşdirilməsi üçün zəruri şərait yaradılıb. Belə ki, tehsil.nmr.az saytında videodərslər, vizuallaşdırılmış dərslər, elektron dərslik bölmələri üzrə keçidlər yaradılıb və bu bölmələrdə gündəlik dərslər yenilənir.
Şagirdlərin istedadlarının üzə çıxarılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən vaxtaşırı müxtəlif istiqamətlərdə yaradıcılıq müsabiqələri təşkil edilir. Məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsi, onları müxtəlif fəaliyyətlərə cəlb etmək, heykəltəraşlıq üzrə istedadlarını aşkara çıxarmaq məqsədilə aprelin 25-i Təhsil Nazirliyinin “Instagram” səhifəsində “Evdə qal, yaradıcılıqdan qalma!” devizi ilə məktəblilər arasında “Plastik obrazlar” mövzusunda virtual heykəltəraşlıq müsabiqəsi elan edilib. Müsabiqə mayın 4-dək davam edəcək.
Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında mayın 12-dək davam edəcək olan “Naxçıvan - mənim doğma diyarım” onlayn şeir müsabiqəsinin keçirilməsinə də start verilib. Müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Instagram” səhifəsində virtual qaydada təşkil olunur. Naxçıvan Muxtar Respublikasının inkişafını, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən mövzularla bağlı keçirilən müsabiqədə bütün yaş kateqoriyalarına aid şagirdlər iştirak edə bilərlər. Müsabiqənin şərtlərinə görə, şagirdlər tərəfindən yazılan şeirlər 3-5 bənddən çox olmamalıdır. Müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Ötən tədris ilindən başlayaraq məktəb dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin iştirakı ilə müzakirələr keçirilib. Müzakirəyə çıxarılmış dərsliklərlə bağlı irad və təkliflər ümumiləşdirilib, hazırlanmış yekun rəylər dərsliklərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilib.
Yenidən nəşri nəzərdə tutulan I, V və IX sinif dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirələrin ikinci mərhələsi isə onlayn qaydada həyata keçirilir. Aprelin 28-dən başlayan müzakirələrdə ilk olaraq V və IX sinif “Azərbaycan dili” və “Ədəbiyyat” fənləri üzrə dərsliklərin müzakirəsi keçirilib.
Qeyd edək ki, digər dərsliklərin müzakirəsi mayın 8-dək yekunlaşacaq.