NAXÇIVANDA NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında növbəti iməcilik öz mütəşəkkilliyi ilə fərqlənmişdir.
İdarə, təşkilat və müəssisələrin kollektivləri iməcilikdə fəallıq nümayiş etdirmişlər. Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, şəhər icra hakimiyyətinin, Meliorasiya və Su Təsərrüfatı Agentliyinin kollektivləri Naxçıvan-Batabat magistral yolunun Nəzərabad kəndi yaxınlığından keçən hissəsində 10 hektar ərazidə əkilmiş 4 mindən çox meyvə ağacına qulluq etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.
Şənbə günü Naxçıvan-Sədərək magistral yolu boyu 700 ədəd meyvə ağacı, Naxçıvançay vadisində, şəhərdaxili park və xiyabanlarda 800 ədəd müxtəlif ağac, 600-dən çox gül kolu, Şərurda Arpaçay su anbarının ətrafına 4800 kəndlərdə yüzlərlə meyvə ağacı, Babək rayonu ərazisində 2820, Culfada 1170, Şahbuzda 1660, Ordubadda 880, Kəngərlidə 1320, Sədərəkdə isə 1600 ədəd ağac, bəzək kolu əkilmişdir.
MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvəsi ilə “Əshabi Kəhf” ziyarətgahına gedən yolun kənarına 1000 ədəd ağac əkilmiş, onların suvarılması təmin edilmişdir.