Naxçıvanda öddaşının cərrahi müalicəsi ilə bağlı elmi-praktik seminar keçirilmişdir
Naxçıvan, 22 may (AZƏRTAC, Rauf Əliyev). Naxçıvan Muxtar Respublika (MR) Xəstəxanasında öddaşının cərrahi müalicəsinə və bu müalicədə anestezioloji reanimasiya yardımına həsr olunmuş elmi-praktik seminar keçirilmişdir.
Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarda çıxış edən xəstəxananın baş həkimi Əli Ələsgərov hazırda dünyada öddaşı xəstəliyindən əziyyət çəkənlərin sayının sürətlə artdığını diqqətə çatdırmış, onun ciddi fəsadlar yaratmaması üçün vaxtında diaqnoz qoyulmasının və düzgün müalicə aparılmasının əhəmiyyətini vurğulamışdır.
Xəstəxananın həkim-cərrahı, tibb üzrə fəlsəfə doktoru Etibar Bababəyli, anesteziologiya-reanimasiya şöbəsinin həkimi Tahirə Hüseynova öddaşı xəstəliyi zamanı cərrahi müdaxilə, müalicə, profilaktika və mümkün ağırlaşmalar, həmçinin xəstələnmə səviyyəsinin aşağı salınmasına dair elmi-təbabət prinsiplərinə əsaslanmış tövsiyələr barədə məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.
Naxçıvan MR Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov öddaşının cərrahi müalicəsində müasir üsulların, terapevtik təlimlərin, əhali arasında səhiyyə maarifinin mühüm əhəmiyyətindən danışmış, elmi-praktik seminar və treninqlərin mütəmadi olaraq keçiriləcəyini bildirmişdir.
Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində 751 həkim, 2196 orta tibb işçisi çalışır. Onların ixtisas səviyyəsinin artırılması, bilik və bacarıqlarının dünya standartları səviyyəsinə yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə tibb işçilərinin Bakı şəhərinə, Türkiyə Respublikasına təkmilləşdirmə kurslarına göndərilməsi, yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə elmi-praktik konfrans və seminarların, treninq və təlimlərin keçirilməsi artıq ənənə halını almışdır.