Naxçıvanda sahibkarlara 7,4 milyon manat güzəştli kredit verilib
Naxçıvan, 22 iyul, AZƏRTAC
Cari ilin ilk yarısında Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən 77 layihənin maliyyələşdirilməsinə 7,4 milyon manat vəsait ayrılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvanda media nümayəndələri üçün təşkil olunmuş “Açıq qapı” günü tədbirində bildirib.
Nazir qeyd edib ki, fond tərəfindən maliyyələşdirilmiş ümumi güzəştli kredit məbləğinin 73,6 faizi sənaye, 18,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 8,1 faizi isə xidmət sahələrinə yönəldilib. Bu dövrdə ayrılmış güzəştli kreditlərin 8,6 faizi kiçik, 23,9 faizi orta, 67,5 faizi isə böyükhəcmli kreditlərdən ibarət olub. Verilmiş kreditlər hesabına 80 yeni iş yerinin açılması imkanı yaranıb.
"2025-ci ilin ilk 6 ayı ərzində 5,8 milyon manat məbləğində güzəştli kredit geri qaytarılıb. Həmin dövrdə, həmçinin 2,1 milyon manat problemli kredit ödənilib. Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 8-ə çatdırılıb", - deyə Kazım Hüseynəliyev əlavə edib.