Naxçıvanda ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib
Naxçıvan, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Naxçıvanda ilk dəfə mərkəzləşmiş qaydada şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ️imtahanda 22 namizəd iştirak edib. Namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyindən 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim edilib.
Namizədlərin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra elan olunub.
Test mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, müsabiqəyə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi şagird sayı 151- 500-dək olan ümumtəhsil məktəbləri üzrə 17 direktor vəzifəsi çıxarılıb.