REGİONLAR
Naxçıvanda yeni tədris ilində yeni məktəb binası istifadəyə verilib
Naxçıvan, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16- da Şərur rayonunun Təzəkənd tam orta məktəbinin yeni binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov kollektivlə görüşüblər.
Görüşdə son dövrlərdə ölkədə təhsilə göstərilən dövlət qayğısından bəhs edilib, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təbrikləri kollektivə çatdırılıb.
Məktəbdə yaradılan tədris şəraiti ilə tanışlıq zamanı məlumat verilib ki, 110 yerlik məktəb binasında əsaslı təmir işləri aparılıb, binanın dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, suvaq və boyama işləri görülüb. Həmçinin STEAM otağında və fizika kimya laboratoriyasında elektron lövhə quraşdırılıb, kompüter otağına yeni kompüter dəstləri qoyulub, məktəbə kamera sistemləri quraşdırılıb, kitabxana əlavə ədəbiyyatlarla zənginləşdirilib. Məktəb üçün fərdi qazanxana yaradılıb, binanın həyətində açıq idman qurğuları quraşdırılıb, həyətyanı sahədə abadlıq işləri aparılıb, yaşıllıq sahəsi salınıb, işıqlandırma və suvarma sistemləri yenilənib.
Məktəbin kollektivi onlar üçün yaradılan tədris şəraitinə görə minnətdarlıqlarını bildiriblər.