Naxçıvandakı 35 seçki məntəqəsində səsvermə prosesini internet vasitəsilə canlı olaraq izləmək mümkündür
Naxçıvan, 11 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 316 seçki məntəqəsində səhər saat 8:00-da Azərbaycan Respublikası Prezidentinin seçkilərinə start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 7 seçki dairəsini əhatə edən 35 seçki məntəqəsində səsvermə prosesini internet vasitəsilə canlı olaraq izləmək mümkündür.
Naxçıvanda fəaliyyət göstərən hərbi qulluqçuların və cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların da seçki hüquqlarının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görülüb. Belə ki, Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçular seçkilərə 5 gün qalmış yaradılan 21 qapalı və 3 ümumi seçki məntəqəsində, Sərhəd Qoşunlarının hərbi qulluqçuları 1 qapalı və 19 ümumi seçki məntəqəsində, Daxili Qoşunlarda qulluq edən hərbi qulluqçular 1 qapalı seçki məntəqəsində və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində cəzaçəkən məhkumlar 1 qapalı seçki məntəqəsində səs verirlər.
Muxtar respublikadakı 7 seçki dairəsi üzrə, ümumilikdə, 262 min 874 nəfər seçici qeydə alınıb. Seçicilərin 1368 nəfəri 18 yaşı yeni tamam olmuş və ilk dəfə səs verən vətəndaşlardır. 2016-cı ildə keçirilmiş referendum ilə müqayisədə muxtar respublika üzrə seçicilərin sayı 1661 nəfər, yəni 0,6 faiz artıb.
Naxçıvandakı bütün seçki məntəqələrinin yerləşdikləri binalar ən yüksək səviyyədə lazımi inventarla təchiz edilib. Seçicilərin rahat və demokratik prinsiplər çərçivəsində səsvermədə iştirakları, eyni zamanda, yerli və xarici müşahidəçilərin, qeydə alınmış namizədlərin vəkilləri və səlahiyyətli nümayəndələrinin seçkilərin gedişini rahat şəkildə müşahidə edə bilmələri üçün hər cür şərait yaradılıb.