İDMAN
Nazim Hüseynov Bakıdakı Azarkeşlər Evinin ekspozisiyasına müstəqil Azərbaycanın ilk Olimpiya qızıl medalını bağışlayıb
Bakı, 22 iyun, AZƏRTAC
Müstəqil Azərbaycanın ilk Olimpiya çempionu Nazim Hüseynov “Bakı-2015” Azarkeşlər Evinə gedib.
Azarkeşlər Evinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çempion jurnalistlərlə və azarkeşlərlə görüşündən sonra özünün Olimpiya medalını, habelə dünyanın ən yaxşı cüdoçusu xatirə nişanını Azarkeşlər Evinin ekspozisiyasına bağışlayıb. Nazim Hüseynov bu medalı 1992-ci ildə Barselonada qazanıb.
Arzu edənlər iyunun 28-dək Azarkeşlər Evində Azərbaycanın ilk Olimpiya qızıl medalına yaxından baxa bilərlər.
“Azərbaycanı və Rusiyanı bir-birinə bağlayan ümumi cəhətlər çoxdur. Bizim ümumi mübarizə məktəbimiz, idman tariximiz var. Məsələn, Barselona şəhərində keçirilən Olimpiadada biz MDB-nin birləşmiş komandası kimi çıxış edirdik. Komandamızın bayrağını Rusiya güləşçisi Aleksandr Karelin aparırdı. Azərbaycanın bayrağı isə mənə etibar olunmuşdu”, - deyə Nazim Hüseynov qeyd edib.
“Xalça üzərinə çıxanda qarşında rəqib durur ki, sən ona qalib gəlməlisən. Lakin bu hiss ancaq xalça üzərində olur. İdman insanları inanılmaz dərəcədə birləşdirir. Hətta ən gərgin mübarizədən sonra da biz dost kimi ayrılırdıq. Mən Rusiyaya, Azərbaycana, Avropa Oyunlarının bütün iştirakçılarına əmin-amanlıq və uğurlar arzu edirəm”.
Nazim Hüseynov - Azərbaycanın görkəmli cüdoçusu, müstəqil dövlətimizin ilk Olimpiya çempionudur. O, 1992-ci ilin yekunlarına görə, dünyanın ən yaxşı cüdoçusu hesab edilib. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif olunub.
Bakıdakı Azarkeşlər Evi - Rusiya Olimpiya Komitəsinin birinci Avropa Oyunlarında layihəsidir. Bu məkana gələnlər Rusiya və Azərbaycanın birgə idman tarixi haqqında çoxlu maraqlı məlumatlar əldə edə bilər, yay idman növləri və Avropa Oyunlarında iştirak edən idmançılarla tanış ola bilərlər.
Azarkeşlər evinin nadir ekspozisiyasında tarixi eksponatlar, habelə müasir idman ləvazimatı və avadanlığı yer alır. Bunlara nəinki toxunmaq, həmçinin onları geyinərək şəkil də çəkdirmək olar.