Nazir: Yaşıl enerji sahəsində Azərbaycanın pozitiv beynəlxalq mövqeyi var

Bakı, 13 fevral, AZƏRTAC
Son dövrlərdə bilik, texnologiya və təcrübələrin transformasiyası sahəsində fəaliyyətimizi genişləndirmişik.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda deyib.
Nazir bildirib ki, iqtisadi siyasətdə şaxələndirmə mühüm yer tutur. Mikayıl Cabbarov vurğulayıb ki, qlobal çağırışlar və regional reallıqlar bu prosesi sürətləndirməyi diktə edir.
“Uğurlu diversifikasiya investisiya, bilik və bacarıqların çevik inteqrasiyasını tələb edir. İqtisadiyyatda dayanıqlı artıma transformasiya enerji keçidi şəraitində baş verir. Yaşıl enerji sahəsində ölkəmizin pozitiv beynəlxalq mövqeyi var. Nüfuzlu şirkətlərlə reallaşdırılan layihələr etibarlı tərəfdaş olduğumuzu təsdiqləyir. Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi sisteminin önəmli rolu var. Bu sahədə indiyə qədər keçdiyimiz yol - aparılan islahatlar, əldə edilən nəticələr yalnız iqtisadiyyatımızın deyil, ümumilikdə cəmiyyətimizin tərəqqisi baxımından böyük əhəmiyyət kəsb edir. Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir. Vergilər iqtisadi tənzimləmələr, sosial bərabərsizliyin azaldılması və ümumi iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. 2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Əmək bazarında təşviq mexanizminə əsaslanan vergi islahatlarının nəticələri ABŞ-ın nüfuzlu Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitet tərəfindən aparılan təhlillər də göstərir ki, islahatlar iqtisadiyyatın “ağardılması”, bizneslərin leqallaşması baxımından səmərəli olub, eyni zamanda, qeyri-neft sektorunda iqtisadi aktivliyi stimullaşdırıb. Azərbaycan eyni məsələlərlə qarşılaşan digər ölkələr üçün uğurlu nümunə hesab edilib”, - deyə M.Cabbarov qeyd edib.
Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştlərinin tətbiq olunduğunu deyən nazir diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasına görə təşviqlər, həssas sosial təbəqələr üçün güzəştlər, özəl sektoru stimullaşdıran addımlar, sənaye parklarında rezidentlər üçün azadolmalar, startaplar üçün stimullar, ekoloji mühiti inkişaf etdirən vergi güzəştləri qeyd olunmalıdır: “Bunlar ölkəmizdə iqtisadi aktivliyə, sosial rifaha və qeyri-neft sektorunun inkişafına təkan verən mühüm islahatlar paketini təşkil edir. Vergi sistemində islahatlar və qanunvericilikdə dəyişikliklər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri ilə uzlaşır. Rəqəmsal alətlər vergi xidmətləri üzrə keyfiyyətin artmasına və biznes proseslərinin asanlaşdırılmasına yardım edir. Texnologiyaların inkişafı insanların vaxt itkisini aradan qaldırmağa xidmət edir. Elektron vergi xidmətlərinin genişləndirilməsi nəticəsində bu gün sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər”.