NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Mayın 13-də Azərbaycanın Baş naziri Artur Rasizadə Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovla görüşmüşdür.
Azərbaycan hökumətinin başçısı Rusiya ilə fəal inkişaf etməkdə olan əlaqələri vurğulayaraq dedi ki, bu əlaqələrin dinamikası bütün sahələrdə, həm siyasətdə, həm də iqtisadiyyatda öz əksini tapır. Azərbaycan ilə Rusiya arasında həll edilməmiş məsələ qalmamışdır. Azərbaycanın Rusiyadan aldığı təbii qaz əvvəllər qarşılıqlı ticarət dövriyyəsində sanballı yer tuturdu. Lakin Azərbaycanın Rusiya qazından imtina etməsi dövriyyənin həcminə əsla təsir etməmişdir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, ölkəmizdə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu xatırladan Baş nazir eyni zamanda vurğuladı ki, bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. İndi artıq bütün çadır şəhərcikləri ləğv edilmiş, müasir qəsəbələr tikilmiş, qaçqın-köçkünlər həmin qəsəbələrdə yerləşdirilmişlər.
Boris Qrızlov Rusiya ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsində dövlət rəhbərlərinin böyük rolunu vurğuladı və bildirdi ki, Azərbaycanın son illərdə qazandığı uğurlar ona dost ölkə olan Rusiyanı sevindirir.
Rusiya Dövlət Dumasının sədri həmçinin Bakıda coşğun inkişafın şahidi olduğunu söylədi.
######
