NDU-da siqnal analizi texnologiyalarının inkişafı və tətbiqlərinə dair onlayn seminar təşkil edilib
Naxçıvan, 2 may, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, texnika elmləri doktoru Fərhad Paşayev onlayn elmi-nəzəri seminar keçib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Siqnal analizi texnologiyalarının inkişafı və bəzi tətbiqləri” mövzusunda keçirilən seminarda Memarlıq və mühəndislik fakültəsi və Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə müəllim və tələbələri olmaqla, ümumilikdə, 120 nəfər iştirak edib. Tədbiri açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, artıq bu cür seminar və məşğələlərin keçirilməsi universitetdə bir ənənə halını alıb. Vurğulanıb ki, tələbələrlə birgə müəllimlərin də seminarlardan təcrübi cəhətdən faydalanması onun əhəmiyyətini artırır.
Fakültənin dekanı, professor Cavanşir Zeynalov bildirib ki, informasiyanın daşıyıcısı olan siqnallar informasiyanın və göstəricilərin əldə edilməsi məqsədilə aparılır. Siqnalların rəqəmli emalı XVII - XVIII yüzilliklərin riyaziyyatına əsaslanır və hazırda elm və texnikanın müxtəlif sahələrində geniş istifadə olunur. Diqqətə çatdırılıb ki, həmyerlimiz Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və neyron şəbəkələrinin inkişafı bu sahəyə yeni təkan verib.
Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, texnika elmləri doktoru Fərhad Paşayev qeyd edib ki, hazırda siqnalların rəqəmli emalı radiotexnikada, telekommunikasiyada, idarəetmə sistemlərində, audiotexnikada, televiziya yayımlarında geniş istifadə olunur. O, siqnalların təsnifatı - analoq və diskret siqnallar haqda məlumat verib. Siqnallar nəzəriyyəsi, siqnalların enerjisi və gücü, siqnalların modulyasiyası, demodulyasiyası metodları, dövri siqnallara tətbiq olunan furye sırası ətraflı şərh edilib.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.